Analitik portal TrendForce «AI bumunun» fonunda yaddaş çipləri ilə bağlı növbəti mümkün nəticəni açıqlayıb. Mütəxəssislərin sözlərinə görə, qiymət artımını yaxın zamanda təkcə kompüter sahibləri deyil, hətta büdcə seqmenti də daxil olmaqla, smartfon istifadəçiləri də hiss edəcək.
Adətən smartfon istehsalı üçün lazım olan yaddaş çiplərinin anbar ehtiyatı minimum 8 həftəlik olur, lakin mənbənin məlumatına görə, hazırda bu rəqəm iki dəfə azalıb. Bu ehtiyat tükəndikdən sonra istehsalçılar yeni, daha yüksək qiymətlərlə alış etməyə məcbur qalacaqlar — bu isə birbaşa olaraq cihazların qiymətinə təsir göstərəcək.
Çin şirkəti Coosea Group da bildirib ki, ilin əvvəlindən bəri 4 GB tutumlu LPDDR4X operativ yaddaş çiplərinin qiyməti 7 dollardan 30 dollara yüksəlib, eMMC yaddaş çipləri isə 3,2 dollardan 8 dollara qədər artıb. Şirkət proqnozlaşdırır ki, növbəti üç il ərzində ucuz smartfonlar üçün yaddaş standartı məhz LPDDR4X olacaq — bu, LPDDR5X-dən daha yavaş olsa da, istehsalçılar üçün daha sərfəlidir.
Analitiklər çatışmazlığın nəticəsi kimi smartfonların yaddaş konfiqurasiyalarında dəyişiklik gözləyirlər: məsələn, 12/512 GB versiyaları yerini daha əlçatan 8/256 GB variantlarına verə bilər. Bununla belə, büdcə modelləri istənilən halda AI bumundan əvvəlki dövrlə müqayisədə təxminən 10% bahalaşacaq. Bundan əlavə, Samsung və SK Hynix şirkətləri DDR4 çiplərinin istehsalını yalnız gələn ilə qədər davam etdirməyi planlaşdırırlar. İstehsal dayandırıldıqdan sonra bu çiplərə əsaslanan məhsulların qiyməti əlavə olaraq arta bilər.
Fikirləriniz ?



