GameSir macOS əsaslı qurğular üçün nəzərdə tutulmuş GameHub oyun tətbiqinin yaxın zamanda təqdim olunacağını elan edib. “İndi sizin Mac — oyun kompüteridir” şüarı ilə Çin şirkəti Apple kompüter istifadəçilərinə müasir oyun texnologiyalarının dəstəyi ilə Windows oyunlarını asanlıqla işə salma imkanı vəd edir.
GameHub tətbiqi artıq Android istifadəçilərinə mobil qurğular üçün Windows oyunlarının emulyatoru kimi tanışdır. Rəsmi promomateriallara əsasən, utilitin yeni versiyası MacBook, iMac, Mac mini, Mac Pro və Mac Studio ilə uyğun olacaq.
Tərtibatçılar artıq süni intellekt əsaslı kadr interpolasiyası və V-Sync funksiyalarının, qrafik performansın optimallaşdırılması alətlərinin və görüntü keyfiyyətini yaxşılaşdıran digər texnologiyaların dəstəklənəcəyini açıqlayıblar. Şirkət bir çox (adı açıqlanmayan) AAA oyunlarda emulyasiya zamanı belə 60 fps-dən yüksək performans vəd edir.
Utilitin yeni versiyasının buraxılış tarixi hələ elan edilməyib.
Fikirləriniz ?



