Artıq istifadəçilər Google-da alışdığımız link siyahısı əvəzinə süni intellektin hazırladığı cavab – AI Overview adlı icmalı almağa başlayıblar. Google belə cavabların istifadəçilərin saytlara keçidinə mane olmadığını iddia etsə də, Pew Research Center-in yeni araşdırması bunun əksini göstərir — keçidlərin sayı iki dəfə azalıb.
Mütəxəssislər 2025-ci ilin mart ayında 900 istifadəçinin davranışını təhlil ediblər və məlum olub ki, süni zəka cavabları olmadan insanlar axtarış nəticələrindəki linklərə 15% hallarda keçid edirdilər, süni intellekt cavabları olduqda isə bu rəqəm cəmi 8% təşkil edib. Üstəlik, ai-cavabı görən istifadəçilərin yalnız 1%-i həmin cavabda göstərilən mənbəyə klikləyib. Ən çox göstərilən mənbələr arasında Vikipediya, YouTube və Reddit olub.
Məsələ təkcə trafik azalmaları ilə bitmir. Araşdırma göstərir ki, istifadəçilər çox vaxt ai-icmalı oxuduqdan sonra axtarışı dayandırırlar. Yəni süni intellektin cavabını son nəticə kimi qəbul edir, onu başqa saytlarda yoxlamırlar. Halbuki süni intellekt səhvlərdən sığortalanmayıb — o, səhv məlumatı tam əminliklə təqdim edə bilər.
Hazırda Google axtarışlarının təxminən 20%-i ai-icmalı ilə müşayiət olunur. Əgər siz tam cümlə yazırsınızsa və ya sual verirsinizsə, ai cavabı alma ehtimalı 60%-ə qədər artır. Bu o deməkdir ki, biz artıq yeni bir reallığa qədəm qoymuşuq: sayt keçidlərinin sayı azalır, avtomatik cavablara inam artır.
Fikirləriniz ?
