Intel rəsmi olaraq 2026-cı il noutbukları üçün nəzərdə tutulan yeni nəsil Panther Lake mobil prosessorlarını təqdim edib. Bu, şirkətin Intel 18A texnologiyası ilə hazırlanmış ilk çipləridir. Əsas diqqət enerji səmərəliliyinə, qrafik performansa və süni intellekt imkanlarına yönəlib.
Üçüncü nəsil Intel Core Ultra (Panther Lake) prosessorları fərqli noutbuk sinifləri üçün optimallaşdırılıb. Üç variant mövcuddur: 8 və 16 nüvəli modellər, həmçinin 12 Xe3 qrafik nüvəsi və 12 şüa izləmə bloku olan 16 nüvəli versiya. Bu, Intel-in ən güclü inteqrasiya olunmuş qrafikasıdır və ayrılmış videokartlarla müqayisə oluna bilər.
Yeni Cougar Cove (P) və Darkmont (E) nüvələri sayəsində çoxsahəli performans 50%-dək artır, yaxud eyni səviyyədə 40%-ə qədər az enerji sərf olunur. Enerji səmərəliliyin artması sayəsində Lunar Lake seriyası ilə müqayisədə batareya ömrü də uzanıb.
Oyunlarda performans da gücləndirilib: aşağı modellərdə 4, yuxarı modellərdə 12 Xe3 nüvəsi var. Intelligent Bias Control v3 sistemi və bulud əsaslı shader kompilyasiyası sayəsində oyunlarda gecikmələr azalır.
Panther Lake həmçinin yeni NPU, 96 GB-a qədər RAM və LPCAMM dəstəyi, eləcə də AVC, AV1 və XAVC kodlaşdırmasını təmin edən yenilənmiş mühərriki ilə gəlir.
İstehsal artıq başlayıb, bu çip üzərində ilk noutbuklar 2025-ci ilin sonu — 2026-cı ilin əvvəllərində gözlənilir.
Fikirləriniz ?




