Reddit saytının istifadəçiləri YouTube platformasında müşahidə etdikləri dəyişikliklər barədə məlumat veriblər. Görünür, Google video izləmənin əsas funksiyalarından biri ilə bağlı eksperiment aparır və onu Premium abunəliyinə eksklüziv etməyi planlaşdırır.
Söhbət video oynatma sürətinin idarə olunması alətindən gedir. YouTube-da iki fərqli hesabı olan istifadəçilərdən biri fərqi belə izah edib: bir hesabda bu funksiya sərbəst şəkildə əlçatan olub, digərində isə bloklanıb və Premium abunə tələb edib.
Profil yönümlü media mənbələrinin məlumatına görə, YouTube tərtibatçıları istifadəçiləri məhz bu prinsipə əsasən iki test qrupuna bölüblər. Əgər şirkət testin uğurlu olduğunu hesab etsə, oynatma sürətinə nəzarət funksiyası həqiqətən də yalnız Premium abunəçilər üçün əlçatan ola bilər.
Bəzi Reddit istifadəçiləri bildiriblər ki, səhifəni yeniləmək və ya brauzeri dəyişmək idarəetmə elementlərini müvəqqəti olaraq geri qaytarır. Bu da testin hələ ilkin mərhələdə olduğunu göstərir.
Android Authority nəşri məsələ ilə bağlı Google-a müraciət edib. Şirkət nümayəndəsi bu cür məhdudiyyətlər barədə məlumatının olmadığını bildirib. Google isə hələlik bu mövzuda rəsmi açıqlama verməyib.
Fikirləriniz ?




