Apple, yeni nəsil Siri köməkçisini işə salmaq üçün tərəfdaş axtarışını davam etdirir. Bloomberg-in məlumatına görə, şirkət artıq Android və Samsung xidmətlərində istifadə olunan Google-un Gemini modelindən yararlanmaq məqsədilə Google ilə danışıqlar aparır. Mənbələr bildirir ki, Google Apple serverlərində işləyə biləcək xüsusi versiyanı təlimləndirir.
Eyni zamanda Apple daxili tədqiqat çərçivəsində müxtəlif yanaşmaları müqayisə edir: şirkət iki versiyanı hazırlayır — Linwood (öz modelləri əsasında) və Glenwood (xarici həllərə əsaslanan). Daha əvvəl Apple-un potensial tərəfdaş kimi OpenAI və Anthropic-lə də danışıqlar apardığı xəbər verilmişdi, lakin şirkət hələlik yekun qərar verməyib. İnsayderlər qeyd edir ki, əsas favorit kimi Anthropic nəzərdə tutulurdu, lakin yüksək xərc səbəbindən danışıqlar çətinləşib. Bunun fonunda Apple, daha çevik tərəfdaş hesab edilən Google-u da ciddi şəkildə nəzərdən keçirir.
Bununla yanaşı, şirkət hazırda trilyon parametrli öz massiv modelini də test edir — bu, serverlərində işləyən mövcud 150 milyard parametrlik modellərdən əhəmiyyətli dərəcədə güclüdür.
Yeni Siri, 2024-cü ilin yayında Apple Intelligence təşəbbüsünün bir hissəsi kimi elan olunmuşdu. Lakin ciddi gecikmələr və layihənin yenidən işlənməsi səbəbindən buraxılış təxirə salınıb. Hazırkı plana əsasən, yenilənmiş səsli köməkçi 2026-cı ilin yazından tez təqdim edilməyəcək.
Fikirləriniz ?