Münhen avtosalonunda BMW yeni iX3 krossoverini təqdim etdi. Bu, Neue Klasse platformasında istehsal olunan ilk seriyalı modeldir və gələcək elektromobillərin əsasını təşkil edəcək. Avtomobil yeni nəsil akkumulyator, sürətli şarj və inkişaf etmiş elektronika ilə təchiz olunub. Şirkət iki il ərzində bu arxitektura üzərində 40-dan çox model buraxmağı planlaşdırır.
Dizayn: iX3 yenilənmiş radiator barmaqlığı və daha sərt silueti ilə fərqlənir. Ölçülərinə görə i4-ə yaxın olsa da, bir qədər hündür və enlidir.
Texnologiya: 800 V arxitektura və 400 kVt-a qədər şarj dəstəyi sayəsində 10 dəqiqəyə 370 km enerji toplamaq mümkündür. İlk dəfə tətbiq olunan Gen6 batareyaları 30% daha çox yürüş, sürətli şarj və ucuz istehsal təmin edir. EPA standartı üzrə yürüş məsafəsi 640 km-dən artıqdır.
Mühərrik: İlk olaraq istehsala iX3 50 xDrive buraxılacaq. İki elektrik mühərriki ilə gücü 463 a.g., fırlanma anı 646 Nm təşkil edir. 0-100 km/saata sürətlənmə açıqlanmasa da, yüksək dinamika vəd edilir.
Salon: Avtomobil Heart of Joy idarəetmə bloku və iDrive Panoramic multimedia sistemi ilə gəlir. Sistem Android əsaslıdır, fiziki düymələr qorunub. Apple CarPlay, Android Auto, rəqəmsal açar və “hava ilə” yeniləmələr də mövcuddur.
Satışlar: 2026-cı ilin ortasında 60 000 dollardan başlayacaq. Daha sonra arxa ötürücülü versiya əlavə olunacaq.
Fikirləriniz ?



