Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə hər il iyunun 2-si ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Məhz 1938-ci il iyunun 2-də Azərbaycanda mülki aviasiyanın təməlini qoymuş ilk aviasiya qrupunun yaradıldığı gündür.
Ölkəmizdə ilk təyyarə uçuşları 1910-cu ildə Bakıda reallaşmış, rus aviatoru Utoçkin “Farman” tipli aeroplanla Balaxanı “şossesində” dörd gün ardıcıl uçuş həyata keçirmişdir. Bu hadisədən sonra Azərbaycanda təyyarə uçuşlarının sayı artmağa başlamış, Bakıda və Yevlaxda aerodromlar tikilərək istifadəyə verilmişdir.
Adları aviasiya tarixinə düşmüş ilk azərbaycanlı təyyarəçilərin fəaliyyəti isə 1915-1920-ci illərə təsadüf edir. Fransada aviamühəndis təhsili almış, 1916-cı ildə Beynəlxalq Aviasiya Federasiyası tərəfindən pilot-aviator diplomuna layiq görülmüş Əli bəy Verdiyevin, ilk hərbi təyyarəçi — birinci Dünya müharibəsində rus aviasiyasının tərkibində hərbi əməliyyatlarda iştirak etmiş “İlya Muromets 16” tipli bombardmançı təyyarənin pilotu Fərrux ağa Qayıbovun adlarını qürurla çəkə bilərik.
1919-cu ildə Gürcüstanla bağlanan hərbi əməkdaşlıq müqaviləsinə əsasən, bir qrup əsgər və zabitimiz təcrübə keçmək üçün bu ölkəyə ezam olunmuşdu. Onlardan 9-u hərbi təyyarəçi peşəsi üzrə ixtisaslaşmışdı.
1970-1980-ci illər ölkədaxili hava xətlərinin inkişaf mərhələsi olub. Məhz bu dövrdə Gəncə, Yevlax, Naftalan, Naxçıvan, Zaqatala, Lənkəran, Ağdam, Ağstafa və Şəki şəhərlərində aeroportlar tikilib, paytaxt Bakı ilə bu şəhərlər arasında hava əlaqəsi yaradılıb.
XX əsrin 90-cı illərinin əvvəllərində milli müstəqilliyini bərpa etmiş Azərbaycanın mülki aviasiyasında, onun inkişafında yaranmış boşluq ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aradan qaldırılıb.
Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan hava xidmətlərinə görə 11-ci yerdədir. Şərqlə-Qərbin qovuşuğunda yerləşən respublikamızda hava nəqliyyatının xüsusi önəmi var. Dünya hava nəqliyyatına uğurla inteqrasiya edən müasir müstəqil Azərbaycanın aviasiyası inkişafının yeni dövrünü yaşamaqdadır.
Fikirləriniz ?