“South China Morning Post”un məlumatına görə, bu il Çin avtomobil istehsalçıları ən azı “SAE Level 2” avtonom idarəetmə texnologiyasına malik təxminən 15 milyon yeni avtomobil buraxmağı planlaşdırır. Bu seçim hətta qiyməti 14 000 dollardan aşağı olan büdcə modellərində də mövcud olacaq.
Çinin ən böyük elektrikli avtomobil istehsalçılarını təmsil edən qeyri-hökumət təşkilatı olan “China EV100”ə görə, bu il materikdə satılan hər üç yeni avtomobildən ikisi avtonom idarəetməyə malik olacaq.
“SAE Level 2” avtonom idarəetmə texnologiyası nəqliyyat vasitələrinin qismən avtomatlaşdırılmasını nəzərdə tutur. Onunla avtomobillər özbaşına ən azı sürətləndirə, sürəti azalda və zolaqları dəyişə bilər. Bu zaman sürücü əllərini sükanda saxlamalı və hər an idarəetməni ələ almağa hazır olmalıdır. Üçüncü səviyyə artıq əllərinizi sükandan götürməyə və yola baxmamağa imkan verir. Bu texnologiya hazırda yalnız Mercedes-Benz və BMW kimi əsas markaların bahalı avtomobillərində mövcuddur və ona yalnız müəyyən şərtlərdə və yolların məhdud hissələrində icazə verilir.
“UBS” analitiklərinin fikrincə, 2030-cu ilə qədər Çin şirkətləri əmək xərclərini təxminən 1,8 trilyon yuan (0,25 trilyon dollar) azalda bilər, çünki minlərlə yük maşını və digər nəqliyyat vasitələri artıq sürücüsüz olacaq.
Fikirləriniz ?