Çinin ən böyük meqapolislərindən biri olan Şençjendə unikal bir layihə həyata keçirilib. Artıq metrostansiyalarda yerləşən 7-Eleven mağazalar şəbəkəsinə məhsulların çatdırılması ilə avtonom robotlar məşğul olur. Bu robotlar metro qatarlarında insanların çox olmadığı saatlarında hərəkət edir, lazım olan stansiyalarda düşərək məhsulları birbaşa ticarət nöqtələrinə çatdırırlar.
Bu, dünyada ilk dəfədir ki, robotlar şəhərin metro sistemindən logistika şəbəkəsi kimi istifadə edir. Layihəni hazırlayan və idarə edən qurum — metro operatoru olan Şençjen şirkətinə qismən məxsus olan Vanke korporasiyasının törəmə şirkətidir.
Təxminən bir metr hündürlüyündə olan robotlar müstəqil şəkildə liftlərə və qatarlara daxil ola, platformalarda hərəkət edə və marşrut üzrə dəqiq şəkildə istiqamət ala bilirlər. Sistem hələlik test rejimində işləyir və bu mərhələdə 41 robot iştirak edir: onlar yeraltı keçidlərdə yerləşən 100-dən çox ticarət nöqtəsinə məhsul çatdırırlar.
7-Eleven mağazalarından birinin meneceri Li Yanyangın sözlərinə görə, əvvəllər kuryerlər avtomobillərini yerin üstündə saxlamalı, sifarişləri əl ilə daşımalı və onları metro daxilindəki ticarət nöqtələrinə paylamalı olurdular. Robotların tətbiqi ilə bu proses xeyli sadələşib.
Fikirləriniz ?




