ABŞ-da qeyri-adi bir hadisə baş verib: Kaliforniya sakini iki il əvvəl oğurlanmış Lamborghini Huracan EVO avtomobilini geri qaytara bilib. Ən təəccüblüsü isə odur ki, ona bunda polis deyil, sırf təsadüf və ChatGPT kömək edib.
Lamborghini hələ 2023-cü ildə böyük bir cinayət sxemi çərçivəsində yoxa çıxmışdı: onlarla superkar icarəyə götürülür, sonra isə saxta sənədlərlə satılırdı. Avtomobillərin bir hissəsi sahiblərinə qaytarılsa da, kaliforniyalı Endryu Qarsiyanın maşını axtarışda qalırdı. Ta ki, o, qəfil olaraq Instagram-da “Bu maşını siz satmısınız?” mesajını alana qədər. Mesajda onun avtomobilinin fotoları da var idi. Qarsiya ilə əlaqə quran şəxs, maşında onun vizit kartını tapmış və ümid edirdi ki, bu yolla daha çox superkar əldə edə biləcək.
Qarsiya dərhal polisə müraciət etmək əvəzinə, öz araşdırmasını aparmağa qərar verdi. O, fotonu ChatGPT-yə yüklədi və Google alətlərindən istifadə etməklə avtomobilin təxmini yerini müəyyənləşdirdi. İz onu Denverə apardı və burada polis tapılmış Huracan EVO-nun həqiqətən də Qarsiyaya məxsus olduğunu təsdiqlədi.
Kolorado polisi qeyd edib ki, avtomobil sahibinin qeyri-adi yanaşması axtarışları sürətləndirdi. Bununla belə, istintaq hələ də davam edir: superkarın ştatda necə peyda olması və yeni sahiblərin ilkin oğurluğa aidiyyəti olub-olmaması aydın deyil.
Bu vaxt Kaliforniyada cinayət sxeminin təşkilatçıları artıq cəzalandırılır. Onlardan biri oğurluq və dələduzluqda təqsirli bilinib, digəri isə bu payız məhkəmə qarşısına çıxacaq.
Fikirləriniz ?




