Porsche öz elektromobilləri üçün naqilsiz enerji doldurma sistemini təqdim edib. Hazır versiya tamamilə elektrikli Porsche Cayenne ilə birlikdə 2026-cı ildə təqdim olunacaq. İlk olaraq texnologiya Avropada istifadəyə veriləcək, daha sonra isə qlobal bazara çıxarılacaq.
Naqilsiz enerji doldurma sistemi avtomobilin ön təkərləri arasında yerləşən qəbuledici moduldan və parkinq yerində quraşdırılan 11 kVt gücündə stansiyadan ibarətdir. One-Box bazası tam avtonomdur və yalnız şəbəkəyə qoşulmağa ehtiyac duyur. O, həmçinin ev heyvanlarını və əşyaları elektromaqnit sahəsinin təsirindən qoruyan hərəkət sensorları ilə təchiz olunub.
Cayenne baza istiqamətində yaxınlaşarkən avtomobil və One-Box sistemi avtomatik olaraq məlumat mübadiləsinə başlayır. 360 dərəcə görüntü kamerası sürücüyə enerji doldurma üçün optimal mövqeyi seçməyə kömək edir.
Avtomobil “park” rejiminə keçirildikdən sonra avtomatik olaraq lazım olan hündürlüyə (təxminən 15 sm) enir və enerji doldurma prosesi başlayır. Bu prosesi My Porsche tətbiqi vasitəsilə idarə etmək mümkündür.
Elektrikli Cayenne istifadəyə verildikdən sonra şirkət naqilsiz enerji doldurma sistemini digər modellərinə də əlavə etməyi planlaşdırır.
Fikirləriniz ?




