Tesla şirkəti Model 3 və Model Y elektromobillərinin “daha əlçatan” versiyalarının satışına başlayıb. Bu modellər texniki olaraq markanın ən ucuzları sayılsa da, qiymət baxımından gözləniləndən bahadır.
Əvvəllər Tesla 25 000 dollarlıq Model 2 istehsal etməyi planlaşdırırdı, lakin layihə bağlanıb. Nəticədə şirkət mövcud modellərin sadələşdirilmiş versiyalarını təqdim edib — Model 3 üçün 34 990 dollardan, Model Y üçün isə 39 990 dollardan başlayan qiymətlərlə. “Premium” adlandırılan əsas modellər də bahalaşıb: müvafiq olaraq 42 500 və 45 000 dollar.
Yeni “büdcə” versiyalarda batareya 69 kVt⋅s, Tesla Autosteer sistemi yoxdur, salon daha sadədir, 18 düymlük disklər quraşdırılıb, arxa oturacaqların isidilməsi və ön sərnişin ekranı yoxdur, səs sistemi də sadələşdirilib.
Əsas rəng bozdur, ağ kuzov üçün 1000, qara üçün 1500 dollar əlavə ödənilməlidir. USB portları, baqaj üçün “ağıllı” funksiya və autopilotun əsas versiyası isə saxlanılıb.
Qiymətlər yalnız ABŞ bazarı üçün keçərlidir və digər ölkələrdə fərqli ola bilər.
Fikirləriniz ?



