Tesla Model Y, 2023-cü ildən bəri dünyada bütün avtomobillər arasında satış lideri olsa da, bu tituldan məhrum olub. JATO Dynamics şirkətinin 2024-cü il üzrə yeni hesabatına əsasən, İlon Maskın elektromobili ikinci yerə geriləyib və birinciliyi “yapon” alıb.
153 bazarın məlumatları əsasında hazırlanmış hesabatda (bu bazarlar dünya satışlarının 99%-ni əhatə edir) göstərilir ki, Toyota RAV4 cəmi 0.16% üstünlüklə Model Y-ni geridə qoyub – bu da bütün dünyada təxminən 3000 avtomobil fərqi deməkdir. Hər iki model demək olar ki, eyni populyarlığa sahibdir, lakin birincilik artıq Toyota-nın krossoverinə məxsusdur.
Model Y üçün 2024-cü il asan keçməyib: ilin gedişində satışlar azalmağa başlayıb. Analitiklərin fikrincə, bunun səbəblərindən biri istehlakçıların çoxdan gözlənilən yeni versiyanı gözləməsi ola bilər. Bu modelin yenilənmiş versiyası haqqında şayiələr yayılsa da, rəsmi elan yalnız 2025-ci ilin yanvarında baş tutub. Bu da potensial alıcıların qərarını təxirə salmasına səbəb olub. Həmçinin, İlon Maskın siyasi fəaliyyəti də vəziyyəti yaxşılaşdırmayıb.
Toyota RAV4 də Model Y kimi yeni nəslə keçid ərəfəsində idi. Yenilənmiş versiya may ayında təqdim olundu, lakin əvvəlki nəsil satışda yüksək göstəricilərini qoruyub saxladı. Artıq bu model yalnız hibrid və qoşulan hibrid versiyalarda istehsal ediləcək.
Ən çox satılan 10 avtomobil arasında daha bir Tesla modeli – Model 3 sedanı da yer alıb. O, 10% satış artımı ilə doqquzuncu yeri tutub. İlk onluqda həmçinin Çin istehsalı BYD Qin modeli də var. Beləliklə, dünyanın ən çox satılan avtomobilləri sırasında üç qoşulan model yer alıb.
Fikirləriniz ?
