Almaniyanın avtomobil klubu ADAC dörd il ərzində Volkswagen ID.3 Pro S elektrik avtomobili üzərində resurs testi aparıb və təsirli nəticələr əldə edib. Təxminən 160 000 km yürüşdən sonra avtomobilin batareyası ilkin tutumunun 91%-ni qoruyub saxlayıb. Bu, istehsalçının verdiyi zəmanətdən də yüksək nəticədir — Volkswagen 8 illik zəmanət müddətinin sonunda minimum 70% batareya tutumu vəd edir.
Test zamanı mütəxəssislər avtomobilə güzəşt etməyiblər: enerji yükləmələrinin 40%-dən çoxu yüksək gücə malik stansiyalarda həyata keçirilib və avtomobil tez-tez tam doldurulmuş vəziyyətdə bir neçə gün saxlanılıb, bu isə batareya üçün zərərli sayılır. Buna baxmayaraq, nəticə gözləntiləri üstələyib. Test müddətində proqram təminatının yenilənməsi mütəmadi olaraq həyata keçirilib. Bu yeniləmələrə tıxacları və qalan enerji səviyyəsini nəzərə alan marşrutlaşdırma sistemi də daxil olub. Yeniləmələrdən biri hətta yükləmə gücünü 170 kVt-a qədər artırıb.Test zamanı yalnız batareya yox, avtomobilin digər komponentləri də yoxlanılıb. ADAC mütəxəssisləri qeyd ediblər ki, bu dörd il ərzində asqı sistemi, sükan, kuzov və şassi yüksək keyfiyyətini saxlayıb. Heç bir ciddi nasazlıq qeydə alınmayıb. Bu nəticə, istifadə olunmuş elektrik avtomobili almağı düşünənlər üçün də önəmlidir — göstərir ki, bu kateqoriyadan olan avtomobillər illər keçsə belə keyfiyyətlərini qoruyurlar.
ADAC-ın əsas nəticəsi isə proqram təminatının vaxtında yenilənməsinin vacibliyidir. Bu, təkcə səmərəliliyi artırmır və yürüş məsafəsini uzatmır, həm də batareyanın ümumi vəziyyətinə müsbət təsir göstərir. Volkswagen də vurğulayıb ki, ID.3 modelinin uğuru bütün ID seriyasının — o cümlədən daha böyük ID.4 modelinin də — etibarlılığını sübut edir.
Fikirləriniz ?