Geely konserninə daxil olan Zeekr şirkəti, ilk qoşulan hibrid avtomobil modelini təqdim edib. Söhbət yeni SEA-S (Haohan-S) modul platformasında qurulmuş flaqman krossover 9X-dən gedir. Avtomobil rekorda yaxın göstəricilərə malikdir və PHEV modelləri üçün rekord hesab olunan 70 kVt·s tutumlu batareya ilə təchiz olunub.
Zeekr 9X-in ölçüləri 5239 x 2019/2029 x 1819 mm, təkər bazası isə 3169 mm təşkil edir. Avtomobilin kütləsi 3 tondan çoxdur. Hibrid güc qurğusu 2,0 litrlik DHE20-PFZ turbomühərriki (205 kVt / 275 a.g., 46%-dən çox səmərəliliklə) və ümumi pik gücü 1030 kVt (1381 at gücü) olan üç yeni elektrik mühərrikindən ibarətdir.
Avtomobilin 0-dan 100 km/saata qədər sürətlənməsi 3,1 saniyə çəkir, maksimal sürət isə 240 km/saata çatır. CATL Freevoy akkumulyator sistemi 55,1 və 70 kVt·s versiyalarda mövcuddur. Yeni 900 voltluq arxitektura və 6C sürətli enerji doldurma texnologiyası sayəsində batareyanı 20%-dən 80%-ə qədər cəmi 9 dəqiqəyə doldurmaq mümkündür. Bundan başqa, batareyanın az enerji səviyyəsində belə avtomobilin dinamikası demək olar ki, dəyişmir.
Zeekr 9X-in Çin bazarına çıxışı 2025-ci ilin üçüncü rübündə gözlənilir. İlkin məlumatlara görə, qiymət 90 000 – 210 000 ABŞ dolları aralığında olacaq.
Fikirləriniz ?