Qualcomm şirkəti yeni flaqman prosessoru Snapdragon 8 Elite Gen 5-i mobil cihazlar üçün təqdim etdi. Çipin sələfindən əsas fərqləri nəzərəçarpacaq dərəcədə artan performans və müasir süni intellekt funksiyalarının genişləndirilmiş dəstəyi oldu.
Qualcomm Snapdragon 8 Elite Gen 5 TSMC-nin 3 nm-lik N3P texnoloji prosesi ilə istehsal edilib. O, 4,6 GHz-ə qədər tezlikdə işləyən iki “böyük” nüvəyə, həmçinin 3,62 GHz-ə qədər sürətə malik altı məhsuldar nüvəyə sahibdir.
Şirkətin sözlərinə görə, əvvəlki model ilə müqayisədə yeni çipin məhsuldarlığı 20%-dək, enerji səmərəliliyi isə 35%-dək arta bilər. Flaqman prosessor 24 GB-a qədər operativ yaddaşı və 120 Hz yenilənmə tezlikli 4K displeyi dəstəkləyir.
Yenilənmiş Adreno 840 qrafik prosessoru (1,2 GHz-ə qədər) spesifikasiyaya görə 23% daha sürətli işləyir və eyni zamanda 20% daha az enerji sərf edir. O, OpenGL ES 3.2, OpenCL 3.0 FP və Vulkan 1.3 API-ləri ilə optimallaşdırılıb, həmçinin H.265/VP9/AV1 aparat dekodlaşdırılması və HDR10+, HDR10, HLG, Dolby Vision formatlarını dəstəkləyir.
Hexagon neyroprosessoru da güclənib — sələfi ilə müqayisədə 37%-dək artım əldə edib. Şəkil emalı prosessoru Spectra isə mobil bazarda ilk dəfə Advanced Professional Video kodekinin dəstəyini alıb — bu, Apple ProRes-ə alternativ hesab olunur.
SoC tərkibinə həmçinin Qualcomm X85 5G modemi (mm-diapazon və 6 GHz-dən aşağı tezliklər dəstəyi ilə) və FastConnect 7900 şəbəkə çipi (Wi-Fi 7 və Bluetooth 6.0) daxildir.
Yeni prosessor yaxın vaxtlarda müxtəlif brendlərin flaqman smartfonlarında təqdim olunacaq.
Fikirləriniz ?




