Ford əfsanəvi “Bronco” krossoverinin elektrik versiyasını təqdim edib. Yeni elektrikli Bronco ilk dəfə Quançjou avtosalonunda nümayiş olunub və hələlik yalnız Çin bazarında satışa çıxarılıb. Bronco EV ön və arxa oxlarda yerləşən iki elektrik mühərriki ilə təchiz olunub.
Elektrikli krossoverin ölçüləri 5025 x 1960 x 1815 mm təşkil edir. Ümumi gücü 445 at gücünə (332 kVt) bərabərdir. 105,4 kVt·s tutumlu batareya BYD şirkətinin FinDreams bölməsi tərəfindən hazırlanıb və avtomobilə 650 km-ə qədər yürüş məsafəsi təmin edir.
Elektrik Bronco Ford Fuyu adlı idarəetmə köməkçi sistemi ilə təchiz edilib — bu sistemdə lidar və 30-dan çox sensor mövcuddur. Avtomobildə həmçinin səyahət üçün məşhur marşrutları təqdim edən Off-road Logbook funksiyası da yer alır.
İstehsalçı baqaj hissəsində quraşdırılmış mini mətbəx də nəzərdə tutub. Şirkət əlavə olaraq Roof Camping Package adlı versiyanı da hazırlayır; bu versiyaya açılıb-bağlanan dam, şişmə döşək və qatlanan oturacaqlar daxildir.
Elektrikli Ford Bronco-nun satışa çıxarılması 2025-ci ilin sonuna planlaşdırılır.
Fikirləriniz ?



