Medal of Honor: Allied Assault, Call of Duty və Titanfall oyunlarının müəllifi Vins Zampella yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. Qəza Los-Anceles yaxınlığında, San-Qabriel dağlarında baş verib. Şahidlərin sözlərinə görə, Zampellanın içində olduğu Ferrari 296 GTS tuneldən çıxışda qoruyucu baryerə çırpılıb və alovlanıb. Avtomobildə iki nəfər olub — sürücü hadisə yerində dünyasını dəyişib, sərnişin isə xəstəxanaya çatdırılsa da, xilas etmək mümkün olmayıb. Hadisə yerindən videogörüntülər artıq yayılıb.
Respawn Entertainment studiyasının rəhbərinin vəfatı Electronic Arts və sənayenin müxtəlif nümayəndələri tərəfindən təsdiqlənib. Vins Zampellanın 55 yaşı var idi.
Zampella şuter janrına verdiyi böyük töhfələrlə tanınırdı. O, komandası ilə birlikdə Medal of Honor: Allied Assault oyununu yaradıb, daha sonra Activision-a keçərək Infinity Ward studiyasını qurub və Call of Duty seriyasının ən vacib ilk hissələrini ərsəyə gətirib.
Daha sonra EA-ya qayıdan Zampella Respawn studiyasını təsis edib və oyunçular tərəfindən sevilən Titanfall duologiyasını yaradıb. Son illərdə isə Battlefield 2042-dən sonra brendi bərpa etmək məqsədilə Battlefield 6 layihəsinə rəhbərlik edirdi və bu işin öhdəsindən uğurla gəldiyi bildirilir.
Onun vəfatından sonra bir çox studiyalar, nəşriyyatlar, tərtibatçılar, aktyorlar və jurnalistlər ailəsinə başsağlığı veriblər. Vins Zampella oyun sənayesində əfsanəvi ad kimi xatırlanacaq.
Fikirləriniz ?



