Bu yaxınlarda Netflix çoxdan gözlənilən Assassin’s Creed serialının istehsalına start verildiyini və layihədə tanınmış aktyorların rol alacağını elan etmişdi. İndi isə serialın rejissoru da bəlli olub — o da sənayenin önəmli adlarından biridir.
Variety nəşrinin məlumatına görə, Assassin’s Creed serialının rejissor kürsüsünü HBO-nun Çernobıl serialı ilə tanınan və bu işinə görə Emmi mükafatı qazanan Yohan Renk tutacaq. Renk həmçinin Breaking Bad, The Walking Dead, Vikings və digər məşhur serialların ayrı-ayrı bölümlərini də çəkib. Yohan Renk Ubisoft və Netflix-in birgə layihəsinə rəhbərlik edəcək, lakin ehtimal olunur ki, o, serialın bütün bölümlərini şəxsən çəkməyəcək.
Xatırladaq ki, Assassin’s Creed serialında baş rolları Tobi Uolles (Euphoria) və Lola Pettikru (Nothing to Say) canlandıracaq. Bundan əlavə, serialın daimi heyətində Zakari Hart (Slow Horses) və Lora Markus (Death by Lightning) da yer alacaq. Serialın yayımlanma tarixi hələ açıqlanmayıb, istehsala isə gələn il başlanacaq. İnsayderlərin məlumatına görə, hadisələr Qədim Romada cərəyan edəcək.
Fikirləriniz ?



