BMW son illərin ən vacib modellərindən biri adlandırdığı yeni i3 elektrik sedanının ilk istehsaldan əvvəlki nümunələrini yığıb. Bu avtomobil brendin bütün elektrik modelləri xəttinin inkişaf istiqamətini müəyyən etməlidir.
Sınaq istehsalı BMW Group-un Münhen zavodunda başlayıb. İlk dəfə olaraq i3 modeli tam şəkildə məhz burada, müasir rəqəmsal proseslər və yenilənmiş infrastruktur tətbiq olunmaqla yığılır.
Yeni i3 Neue Klasse adlı 800 voltluq platforma üzərində qurulub. Bu platforma 30% daha sürətli enerji yığılmasını və artırılmış yürüş məsafəsini təmin edir. Avtomobildə yeni nəsil elektromotorlardan və Gen6 silindrik elementli akkumulyatorlardan istifadə olunur. Bu tip batareyaların enerji tutumu 20% daha yüksəkdir.
Gözləntilərə görə, sedan 108,7 kVt·s-ə qədər batareya və 805 km-ə qədər yürüş məsafəsi əldə edəcək. Sürətli enerji yığma funksiyası sayəsində 10 dəqiqəyə 373 km-ə qədər məsafə üçün enerji toplamaq mümkün olacaq. Seriya istehsalı 2026-cı ilin ikinci yarısında, satışlar isə 2027-ci ilin əvvəlində başlanacaq.
Fikirləriniz ?




