Hələ internetdə 2028-ci ildən etibarən PlayStation-ın oyunları disk formatında buraxmağı dayandıracağı xəbəri müzakirə olunarkən, bəziləri artıq bunun maliyyə tərəfini hesablayır. CI Games şirkətinin baş direktoru fiziki oyun nüsxələrinin studiyalara hər satışda nə qədər az gəlir gətirdiyini izah edib.
Son günlər baş verən hadisələr fonunda CI Games-in baş direktoru Marek Tymiński sosial şəbəkədə maraqlı hesablamalar paylaşıb. Onun sözlərinə görə, rəqəmsal satışlardan əldə olunan gəlir hər nüsxə üzrə fiziki satışlarla müqayisədə xeyli yüksəkdir.
69,99 dollarlıq bir oyunu nümunə götürsək, pərakəndə satış şəbəkəsi qiymətin təxminən 25–35%-ni, distribütor isə əlavə 10–20%-ni götürür. Bundan başqa, fiziki diskin istehsalı da təxminən 10 dollara başa gəlir. Nəticədə studiyanın əlində cəmi 26 dollar qalır. Halbuki eyni oyun rəqəmsal formatda satıldıqda şirkət təxminən 49 dollar qazanır.
Tymińskinin sözlərinə görə, oyunun qiyməti aşağı düşdükcə vəziyyət daha da pisləşir. Böyük naşirlər daha sərfəli şərtlərlə işləsələr də, onlar da hər rəqəmsal satışdan fiziki nüsxələrlə müqayisədə daha çox gəlir əldə edirlər. Buna görə də rentabellik baxımından seçim aydındır.
Bununla belə, CI Games Lords of the Fallen oyununu fiziki disk formatında da satışa çıxarmağı planlaşdırır. Şirkət rəhbəri etiraf edib ki, bu qərar maliyyə baxımından ən sərfəli seçim deyil, çünki fiziki nüsxələr ümumi satışların 20%-dən azını təşkil edir.
Bu arada internetdə istifadəçilər Sony ünvanına məntiqli suallar səsləndirirlər. Onların fikrincə, əgər diskli versiyalardan imtina şirkətin xərclərini azaldırsa, niyə rəqəmsal oyunların qiyməti dəyişməz qalır? Oyunçular bununla bağlı petisiya başlatsalar da, onun nəticə verəcəyinə inananların sayı azdır.
Fikirləriniz ?



